20196
13 Dekabr 2014
Velosiped və cinsi güc
Velosiped və cinsi güc

Son illər velosiped Azərbaycanda çox populyarlaşmışdır. Velosiped artıq kaloriləri yandırmaqda köməklik edir. Bir çox insanlar ağır iş günündən sonra gərginliyi götürmək üçün velosiped sürür. Bəzi insanlar üçün velosiped avtonəqliyyatı əvəz etmişdir. İnsanlar havasız nəqliyyatda getməmək və nəqliyyat gözləyərkən dayanacaqlarda dayanmamaq üçün velosipedlə işə gedir. Bir çox kişilər yaxşı, idman formasında olmaq üçün velosiped sürürlər. Şübhəsiz, velosipedlə gəzinti faydalıdır. Əksər kişilər bu idman növünü sevir. Ancaq normal cinsi həyat yaşamaq istəyirsinizsə, ehtiyatlı olmaq lazımdır. Məsələ burasındadır ki, daimi velosiped sürmək cinsiyyət üzvünə qan axınını zəiflədir, sinirləri sıxmaqla onların keyiməsinə səbəb olur. Bu, ereksiyanın zəifləməsinə və normal cinsi akt həyata keçirməyə mane ola bilir. Beləliklə, velosiped kişilərdə cinsi zəifliyə səbəb ola bilər.

Velosipeddə uzun müddət yol getmək niyə təhlükəlidir?

İlk öncə Sizin velosiped aludəçiliyinizin dərəcəsini dəqiqləşdirmək lazımdır. Çoxsaylı tədqiqatlar göstərdi ki, velosipeddə ildə 3000 km-dən çox gedən şəxslərdə erektil disfunksiya riski daha yüksək olur. Bu, həftədə 2 və daha çox intensiv məşqlər deməkdir.

Yəhərin formasının da rolu böyükdür. Qabaq hissəsi iti olan dar yəhərlər Sizin çəkinizin aralığa təzyiqini 7 dəfə və daha çox artırır! Gel yastıqları və yumşaq oturacağı olan yəhərlər də istisna deyil. Aralığa təzyiqi azaltmaq və cinsi orqanlara qan axınını asanlaşdırmaq üçün yəhər dairəvi olmalı, qabaqda uzadılmış hissəsi olmamalı, arxa hissəsində balaca bir dərinləşməsi olmalıdır. Nəticədə Siz stulda oturduğunuz kimi, oturacaq sümüyün üstündə oturmalısınız. Belə yəhərlər velosiped idmanı ilə erektil disfunksiya arasında əlaqənin olduğunu sübut edən tədqiqatların nəticələri elan olunduqdan sonra bəzi şirkətlər tərəfindən istehsal edilməyə başladı. Zədələr ayrıca rol oynayır. Velosipedin ramasının bədənin çıxan tərəflərinə dəyməsi təkcə ağrılı deyil, həm də gələcəkdə potensiya ilə bağlı problemlərə səbəb ola bilir. Aralığınızı qoruyun!

Velosipeddə necə getməyinizin də əhəmiyyəti böyükdür. Əgər Siz pedalları sükana tərəf əyilməklə və sözün hərfi mənasında yəhərə “yapışmaqla” fırlatmağa vərdiş etmisinizsə, bu, əlavə risk amilidr. Erektil disfunksiyanın profilaktikası üçün yəhərdə atçılıq idmanında olduğu kimi, düz oturmaq lazımdır.

Velosipedçilərə tövsiyələr

Az hərəkətli və ya tənbəl həyat tərzi velosipeddə yol getməkdən daha çox impotensiyanın yaranma riskinə səbəb olur. Skeptiklər və tənbəl adamlar hər idmanda hansısa zəif nöqtələri tapacaq və ümumiyyətlə heç bir idmanla məşğul olmamaq üçün bir sıra arqumentlər gətirəcəklər. Sağlamlığınıza görə narahat olsanız da, velosipedə olan bağlılığınızı heç nə aradan qaldıra bilmirsə, onda impotensiya riskini minimuma endirmək üçün bir neçə məsləhətə əməl edin.

Velosipedin düzgün seçilməsi və yəhərin uyğun vəziyyətə gətirilməsi

  1. yəhərin enini öz anatomiyanıza görə düzgün seçin. Sizin çanağınız genişdirsə, yəhər geniş sahəli olmalıdır. Çəkisi az olan velosipedçilər nisbətən dar idman yəhərlərini seçə bilərlər.
  2. yəhər düzgün formalı olmalıdır: yəhərin burnunun qısa olması prostat nahiyəsinə təzyiqi minimuma endirər.

      3. yəhərin hündürlüyünü düzgün təyin etməli: yəhər çox hündür olduqda, aralığa yük artır.

      4. Bucaq: yəhərin qabaq hissəsi çox yuxarı və ya çox aşağı olduqda, yenə də prostat nayihəsinə təzyiq olur. Ideal mövqe 3-5 dərəcə irəliyə doğru əyilmədir.

Düzgün yol getmə texnikası

  1. uzun enişlərdə bədənin çəkisini ayaqlara ötürməklə yəhərdən bir qədər qalxın. Həmçinin enişlərdə adətən oturmaqla istirahət edərkən, bədənin çəkisini növbə-növbə çanağın bir yarısından digər yarısına ötürün. Bu tədbirlər qan axınını yeniləşdirmək və qanın durğunlaşmasının qarşısını almaq imkanı verər.
  2. yolda müəyyən intervallardan sonra dayanın, çanaq çox yükləndikdə, vaxt intervallarını azaldın.

Deyilənlərə yekun vurarkən, sadə bir məsləhət verək: yəhəri düzgün seçin. Zədələrdən uzaq olun və velosipeddə yol getmək tərzininizi korreksiya edin. Velosipeddə yol getdikdən sonra aralıqda keyimə və ereksiya ilə bağlı problemlərin olduğunu hiss etdikdə, təcili mütəxəssisə müraciət edin. Bu, cinsi zəifliyinin ilk əlamətləri ola bilər. Bu əlamətlərlə nə qədər tez mübarizə aparmağa başlasanız, şansınız da bir o qədər yüksək olar. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda