8776
7 Noyabr 2021
Varikosel haqqında tez-tez verilən sualların cavabları
Varikosel haqqında tez-tez verilən sualların cavabları

Varikosele nədir və onu nəyə görə müalicə etmək lazımdır?
Varikosele — toxum ciyəsi venalarının genişlənməsidir. Bu xəstəlik zamanı qan xayalardan ürək istiqamətində lazımi qaydada geri axın edə bilmir. Xayalarda qan durğunluğu yaranır, bu isə onların spermatozoid hasilatı funksiyasını pisləşdirir. Tədricən spermatozoidlərin keyfiyyəti o qədər pisləşir ki, bu onların mayalandırma qabiliyyətininin kəskin şəkildə azalmasına və nəticə etibarilə sonsuzluğa gətirib çıxarır.
Varikosele hansı səbəbdən yaranır?
Varikosele xaya venaları klapanlarının anadangəlmə zəifliyi və ya onların ümumiyyətlə olmaması nəticəsində yaranır. Varikoselenin yaranmasına həmçinin yeniyetmə dövründə ciddi fiziki yüklənmələr (məsələn, idmanla məşğul olma) səbəb olur. Varikoseleyə kişilərdə kifayət qədər tez-tez rast gəlinir. Təxminən kişilərin 8−10%-ində.
Varikosele özünü necə təzahür etdirir?
Bəzən bu xəstəlik fiziki yüklənmədən sonra xayalıqda yaranan küt, sızıldayan ağrılarla özünü təzahür etdirir. Əksər hallarda, varikoseledən əziyyət çəkən pasiyentlərin yeganə şikayəti – sperma keyfiyyətinin enməsidir.
Varikoselenin sonsuzluqla nə əlaqəsi var?
Varikosele kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir. O sonsuz kişilərin 50-55%-ində sperma keyfiyyətinin azalmasının əsas səbəbi hesab edilir.
Xayalarda venoz qan dövranının pozulması tədricən (5-15 il ərzində) spermatozoid hasilatının pozulmasına gətirib çıxarır. Birinci növbədə onların keyfiyyəti (bu qeyri-normal formalı hüceyrələrin yaranması və onların hərəkətliliyinin azalması ilə təzahür olunur), daha sonra isə onların miqdarı azalır.
Varikosele cinsi funksiyaya təsir edirmi?
Nə varikosele, nə də onun cərrahi müalicəsi kişinin cinsi potensiyasına heç cür təsir göstərmir.
 

Varikosele necə müəyyən edilir?
Həkim varikoseleni pasiyentə baxış keçirərkən və xaya damarlarının dopller müayinəsi zamanı müəyyən edir. Bu müayinə ambulator şəkildə həyata keçirilir və tamamilə ağrısızdır.
Varikoseleni nə vaxt müalicə etmək lazımdır?
Kişinin sperma analizi qeyri-normal olduğu və onda varikosele aşkarlandığı halda, onun müalicəsinə başlamaq lazımdır.
Varikoselenin bütün dünyada qəbul edilmiş yeganə müalicə metodu - klapan aparatı (funksiyası) pozulmuş xaya venasının sarınmasıdır. Bu əməliyyatdan sonra qan xayadan başqa venalar vasitəsilə geri axın edir. Bu əməliyyatdan sonra xayada qan dövranı yaxşılaşır. Əksər hallarda onun funksiyası tədricən normallaşmağa başlayır. Adətən bərpa prosesi 6-12 ay çəkir.
Əməliyyatdan bir ay sonra kontrol xayaların doppler müayinəsi üçün həkimi ziyarət etmək lazımdır. Daha sonra, hər 3 aydan bir spermanın kontrol müayinəsini həyata keçirmək lazımdır.
Varikoselenin cərrahi müalicəsi necə həyata keçirilir?
Varikosel əməliyyatı  adətən yerli ağrıkəsicilər altında aparılır. Bugünkü gündə, laparoskopik və ya “kəsiksiz” üsulla əməliyyatlar tətbiq edilir. Bu üsulla keçirilən əməliyyat zamanı, cərrah ön qarın divarında açılan 3 kiçik dəlikdən troakar adlandırılan nazik borucuqları daxil edir. Onların vasitəsilə işıqlandırıcı cihaz ilə miniatür videokamera və venanı sarımağa imkan verən xüsusi alətlər daxil edilir. Əməliyyat orta hesabla təxminən 20 dəqiqə davam edir. Stasionarda pasiyentlər 1 sutka qalırlar. Adi həyat tərzinə və işə əməliyyatdan 7-10 gün sonra qayıtmaq olar.
Sonsuzluq zamanı varikoseleni müalicə etdikdən sonra hansı nəticələri gözləmək olar?
Xəstəliyin təkrar ortaya çıxması, əməliyyatdan bir il sonra müayinə edilən kişilərin yalnız 5%-ində qeydə alınır. Belə residivlərin yaranması venaların anatomik xüsusiyyətləri ilə bağlıdır və cərrahdan asılı deyil. Əksər hallarda, təkrar müalicə zamanı residivi aradan qaldırmaq mümkün olur. Varikoselenin təkrar yaranmasını vaxtında müəyyən etmək üçün həkim əməliyyatdan sonra pasiyenti 1 il ərzində hər 3 aydan bir kontrol ultrasəs müayinəsindən keçməyə dəvət edir. Spermanın keyfiyyətinin yaxşılaşması adətən əməliyyatdan 6-12 ay sonra müşahidə olunur. Spermanın keyfiyyətinin yüksəlməsi əməliyyat olunmuş kişilərin 40-80%-ində müşahidə olunur. Qalan hallarda bu ona görə baş vermir ki, xəstəlik xayanın funksiyasına artıq bərpaolunmaz zərər vurmuş olur. Əməliyyatdan əvvəl belə vəziyyətin olacağını proqnozlaşdırmaq mümkün deyil. Varikoselenin müalicəsi pasiyentin nəsilartırma qabiliyyətinin tam bərpasına gətirib çıxarmadığı hallarda, sonsuzluğun öhdəsindən müxtəlif köməkçi reproduktiv metodlarla gəlmək olar.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda