58621
10 İyul 2018
Prostatitin təbii müalicəsi. Qidalanma.
Prostatitin təbii müalicəsi. Qidalanma.

Prostatit zamanı pəhriz: rasionun özəllikləri, icazə verilən məhsullar

Medikamentoz müalicədən və fizioterapiyadan başqa, prostatit zamanı pəhriz də prostat vəzinin fəaliyyətinin normallaşdırılması üçün çox önəmli rol oynayır. Pəhriz orqanizm üçün lazım olan maddələrin tələb olunan miqdarının qida ilə daxil olmasını təmin etməlidir.

Pəhriz nəyə görə lazımdır?

Prostatitin formasından asılı olmayaraq, müalicəvi qidalanmanın məqsədi – orqanizmdə metabolizmin normallaşdırılması və immunitetin möhkəmləndirilməsidir. Vitaminlər və mikroelementlər qida ilə daha yaxşı mənimsənilir. Balanslaşdırılmış qidalanma sellüloz, antioksidantlar, B qrupu vitaminləri və bir sıra mikroelementlərlə zəngin olan məhsulların qəbuluna əsaslanır.

Qadağan edilən məhsullar

Aşağıda sadalanan məhsulların rasiondan çıxarılması ifraz olunan sidiyin miqdarının, və nəticə etibarilə gecə vaxtı sidik ifraz etmək istəklərinin tezliyinin azalmasına gətirib çıxaracaq. İçkinin tündlüyündən asılı olmayaraq istənilən növ alkoqol mütləq qaydada istisna edilir. Alkoqollu məhsullar damarların tonusuna mənfi təsir göstərir, bu isə kiçik çanaq orqanlarındakı durğunluq hallarını ağırlaşdıra bilər. Pivə kimi içkilər sidik ifraz etmək istəklərinin tezliyini çoxaldır, buna görə də onlar rasiondan tamamilə çıxarılırlar. Alkoqolla yanaşı şirin qazlı sudan da imtina etmək lazım olacaq. Bundan başqa, qazlı mineral su da istisna edilir. Hisə verilmiş məhsullar mədə tərəfindən kifayət qədər gec həzm olunurlar və çox vaxt qəbizliyə səbəb olurlar. Onları istisna etmək lazımdır. İstənilən yağlı qidanın qəbulu qadağandır. Acı ədviyyatlardan imtina etmək lazımdır, çünki onlar vəzini qıcıqlandırır və əhvalı pisləşdirirlər. Yarımfabrikatlar, konservlər, fastfud – bu qidaya “tabu” qoyulur.

Faydalı məhsullar

Prostatit zamanı nəyi yemək lazım olduğunu anlamaq üçün məhsulların tərkibində olan faydalı maddələrə diqqət yetirmək lazımdır. Trofikanın normallaşdırılması üçün aşağıdakılar xüsusi dəyərə malikdirlər:

Vitamin Е – hüceyrələri azad radikalların təsirindən qoruyan təbii antioksidant;

Vitamin С – immuniteti artırır, damarların divarlarını möhkəmləndirir, rutinin (vitamin P) təsirini tamamlayır;

Sink – qan dövranını normallaşdırır, iltihabı azaldır, ereksiyanın yaxşılaşmasına kömək edir;

B qrupu vitaminləri – damarları və sinir liflərini möhkəmləndirir, hüceyrə metabolizmini stimullaşdırır;

Vitamin Р bütün sitruslu bitkilərin tərkibində var. Onları mütləq rasiona daxil etmək lazımdır. Vitamin E mənbələri – bitki yağları, qoz-badam-fındıq, tərəvəzlər. Sink mənbəyi – istənilən dəniz məhsulları, qoz-badam-fındıq və subməhsullar. B qrupu vitaminləri qoz-badam-fındığın, meyvələrin, tərəvəzlərin, qırmızı ətin və turş süd məhsullarının tərkibində var.

Rasion nümunəsi

Göstərilən menü yalnız bir nümunədir. Pəhrizi öz qastronomik zövqünüzə uyğun olaraq tərtib etmək lazımdır.

Səhər yeməyi: bal əlavə edilmiş qoz-fındıqlı yulaf sıyığı, pendir və yumurta ilə tost;

Qəlyanaltı: iki portağal, bütöv dənli bulka və kefir;

Nahar yeməyi: çovdar çörəyindən hazırlanmış suxarilərlə yağsız toyuq bulyonu, sobada bişirilmiş balıq və ya yağsız ət, pörtlədilmiş tərəvəzlər;

Şam yeməyi: limon şirəsi və balqabaq yağı ilə qarışdırılmış təzə tərəvəzlərdən salat, quru meyvələrlə kəsmikdən hazırlanmış zapekanka və ya mal əti ilə salat;

İkinci şam yeməyi: kefir, yoqurt (qatıq), balqabaq şirəsi;

Rasiona xalq təbabətində prostatitin dərmanı kimi istifadə olunan məhsulları – balqabaq tumlarını və onlardan hazırlanmış yağı, limonu, sarımsağı, balı daxil etmək tövsiyə olunur.

Prostatit zamanı pəhrizin daha bir vacib bonusu var – ereksiyanın yaxşılaşması. Nəticələr, rasiondan zərərli məhsullar çıxarıldıqda, artıq bir neçə həftə sonra hiss olunmağa başlayır.

Prostatitin balqabaq tumları ilə müalicə üsulları

Birinci üsul

0,5 kq çiy balqabaq tumları götürülür, ət maşını ilə xırdalanır və 1 stəkan (200 q) bal ilə qarışdırılır. Alınmış qarışığı 3-4 saatlığına soyuducuya qoymaq lazımdır ki, o daha da qatılaşsın. Qatılaşmış qarışıqdan təxminən 1-1,5 sm ölçüsündə kürəciklər hazırlayırıq və onları böyük bir boşqaba qoyuruq. Hazır kürəcikləri də soyuducuda saxlamaq tövsiyə olunur. Hər səhər 1 kürəciyi yeməkdən yarım saat əvvəl qəbul etmək lazımdır.

İkinci üsul

0,5 kq balqabaq tumları götürülür və yaxşı-yaxşı qurudulur. Bunun üçün onları təmiz bir kağızın üzərinə bir qat şəklində səpələyərək 1-2 həftəliyinə quru, isti bir yerə qoymaq lazımdır. Bundan sonra qurudulmuş balqabaq tumları qabığı soyulmadan kofeüyüdənin köməyi ilə üyüdülür. Üyüdülmüş qarışıq ələkdən keçirilir və xırda toz alınır.

Balqabaq tumlarından hazırlanmış tozu gündə üç dəfə qida qəbulundan əvvəl 2 xörək qaşığı miqdarında qəbul etmək və üzərindən içərisində 1 çay qaşığı bal həll olunmuş 1 stəkan isti su içmək tövsiyə olunur. Müalicə kursu - 2-3 ay.

Üçüncü üsul

Çiy balqabaq tumlarını qabığından təmizləmək və gündə 3 dəfə 20 ədəd miqdarında qida qəbulundan əvvəl qəbul etmək. Müalicə kursu – 3-4 ay.

Tövsiyələr

Bütün kişilər birinci növbədə aşağıdakı məqamı nəzərə almalıdırlar: sidik-tənasül sistemi xəstəlikləri olduqda prostat vəzinin möhkəmləndirilməsi üçün pəhriz problemin tam həlli üçün kifayət etməyəcəkdir. Bundan əlavə, həmişə mütəxəssislə məsləhətləşmək lazımdır. Androloq hər şeyi ətraflı şəkildə izah edəcək və sağalma prosesini öz nəzarəti altına götürəcəkdir.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda