4798
16 Oktyabr 2021
Prostatit haqqında tez-tez verilən sualların cavabları
Prostatit haqqında tez-tez verilən sualların cavabları

Xroniki prostatitin ilkin əlamətləri hansılardır?
Xəstəliyin ilkin əlamətləri arasında sidik ifrazı ilə bağlı problemləri, o cümlədən tez-tez sidiyə getmək istəyini, sidik ifrazı prosesində çətinlikləri və sidik kisəsinin tam boşalmaması hissini qeyd etmək olar. Başqa tez-tez rast gəlinən əlamətlər – müxtəlif seksual pozğunluqlardır: cinsi zəiflik, erkən boşalma, orqastik hisslərin azalmas(boşalma zamanı həzzin azalması)ı. Diskomfort, yandırma hissləri və ya aralıq nahiyədə intensiv, davamlı ağrılar da xəstəliyin inkişafından xəbər verir.

Prostatitin səbəbi nə ola bilər?
Xəstəliyin müxtəlif səbəbləri arasında aşağıdakıları qeyd etmək olar: cinsi infeksiyalar, sidik kanalında və böyrəklərdə iltihabi proseslər, anadangəlmə meyillik, yaşla bağlı dəyişikliklər, travmalar. Xroniki prostatitə uzunmüddətli cinsi pəhriz(uzun müddət boşalmanın(cinsi əlaqə, masturbasiya) olmaması, anal seks və bilərəkdən sidik ifrazının gecikdirilməsi, orqanizmin həddindən artıq soyuğa və ya istiyə məruz qalması da gətirib cıxara bilər. Bu xəstəliyə oturaq, azhərəkətli həyat tərzi sürən insanlar daha çox meyillidirlər.

Problemi vaxtında müəyyən etmək üçün nə etmək lazımdır?
Əlamətlərın və onların təzahürlərinin müxtəlifliyi diqnostika aparılmadan xəstəliyin olub-olmadığını müəyyən etməyə imkan vermir. Kişi sidik ifrazı və cinsi funksiyalar ilə bağlı problemlər yaşayırsa, cinsiyyət və başqa orqanlarda ağrı və diskomfort hissləri keçirirsə, eləcə də özündə ümumi əzginlik və depressiya durumunu müşahidə edirsə, ona kömək üçün həkimə müraciət etmək lazımdır.

Ümumi diaqnostika nələrdən ibarətdir?
Prostatitin diaqnostikası klinik, laborator və instrumental müayinələrin keçirilməsini nəzərdə tutur. Birinci mərhələdə pasiyent anketi doldurur. Bu xəstəlik simptomlarının ümumi mənzərəsini müəyyən etməyə imkan verir. Laborator diaqnostika zamanı sidik kanalının müayinəsi aparılır, selikli qişadan sıyrıntı və sidikdən nümunə götürülür. İnstrumental diaqnostikaya prostatitin daxili səbəblərini və xəstəliyin inkişaf mərhələsini müəyyən etməyə imkan verən USM (ultrasəs müayinəsi) daxildir.

Prostat vəzin xroniki iltihabının hansı növləri mövcuddur?
Bu xəstəliyin xroniki növləri arasında bakterial, qeyri-bakterial, asimptomik iltihabi prostatit, kongestiv prostatit və kalsinatlı prostatiti qeyd edirlər. Bütün növlər simptomatika baxımından fərqlənir və fərqli müalicə tələb edirlər.

Prostatitin hansı mümkün ağırlaşmaları və fəsadları ola bilər?
Müalicədən imtina və ya müalicənin gecikdirilməsi aşağıdakı ağırlaşmalara gətirib çıxara bilər: potensiyanın müxtəlif dərəcədə pozulmaları, sidik ifrazının kəskin formada çətinləşməsi, xayalarda, xaya artımlarında və toxum kisəciklərində müxtəlif iltihabi proseslər, daimi ağrılar və diskomfort nəticəsində kişinin ümumi əhvalının pisləşməsi. Müalicənin vaxtında aparılmaması nəticəsində yaranan prostat vəzi iltihabının xroniki forması sonsuzluğa və prostat vəzi xərçənginə gətirib çıxara bilər.

Xəstəliyin profilaktikası üçün effektiv tədbirlər mövcuddurmu?
Prostatitin profilaktikasına aşağıdakılar daxildir: həkimin yanında mütəmadi müayinələr, diaqnostikanın vaxtında keçirilməsi və urogenital infeksiyaların müalicəsi, daimi partnyorla müntəzəm cinsi həyat, hərəkətli həyat tərzi və sağlam qidalanma. Bundan başqa, özünü zədələnmələrdən qorumaq, həddindən artıq soyuğa və istiyə məruz qoymamaq, gündəlik həyatda rahat alt paltarı geyinmək lazımdır.

Hansı mərhələdə xəstəliyə öz gücünə qalib gəlmək olar?
Kişilərdə prostatit onu yaradan səbəblərdən asılı olaraq 4 qrupa təsnif edilir. Onun gedişat mərhələləri də fərqli formalarda cərəyan edir. Bu xəstəliklə, istənilən başqa xəstəliklə olduğu kimi, özbaşına, öz gücünə mübarizə aparmaq tövsiyə olunmur. Yalnız müvafiq ixtisasa malik olan mütəxəssis müalicə kursunu təyin edə bilər. Xalq təbabəti vasitələrinə həddindən artıq bel bağlama və ya özünümüalicə əksinə, arzu edilməyən nəticələrə gətirib çıxara bilər. Pasiyent nə qədər tez həkimə müraciət edərsə, onun müalicəsi də bir o qədər uğurlu keçər.

Prostatitdən necə qorunmaq olar?
Bu xəstəliyin yaranmasının qarşısını almaq və ya, əgər sizdə prostatit artıq müəyyən olunmuş və müalicə edilmişdirsə, onun residivinə(təkrar biruzə verməsinə) imkan verməmək üçün aşağıdakı tövsiyələrə riayət etmək lazımdır: cinsi infeksiyalara yoluxmayın, özünüzü həddindən artıq soyuğa məruz qoymayın, mütəmadi olaraq müayinələrdən keçin.

Cinsi həyatda prostatit hansı məhdudiyyətlər yaradır?
Kişilərdə prostatit bir çox hallarda potensiyanın pozulmasına səbəb olur. Bu xəstəlik ereksiyanın davamlılığının və keyfiyyətinin azalması, erkən boşalmaya, orqazm zamanı hisslərin daha zəif ifadə olunması və ya cinsi əlaqə tamamlandığı zaman məmnuniyyət hissinin tamamilə olmaması ilə xarakterizə oluna bilər. Prostatit diaqnozu qoyulmuş kişilərə aşağıdakı məsləhətlərə riayət etmək tövsiyə edilir: cinsi həyatın müntəzəmliyə əməl etmək, cinsi əlaqəni yarımçıq dayandırmamaq, tanımadığınız partnyorla yalnız qorunma(prezervativ) ilə sekslə məşğul olmaq.

Müalicə olunmuş prostatit nəyə görə qayıdır?
Prostatitin kəskinləşməsi, ümumi və ya yerli immunitetin zəifləməsi və ya, bəzi hallarda – müalicənin yetərli dərəcədə effektiv olmaması nəticəsində baş verir. Prostat vəzi iltihabının qayıtmasına (təkrarlanmasına) kiçik çanaq nahiyəsində qan durğunluğu (məsələn, hərəkətsizlik nəticəsində), həddindən artıq soyuğa məruz qalma, uzunmüddətli cinsi pəhriz və ya, əksinə, həddindən artıq seksual aktivlik, xroniki stresslər və alkoqollu içkilərin həddindən artıq qəbulu səbəb ola bilər.

 

Prostatitin müalicəsi üçün nə qədər vaxt tələb olunur?
Bu xəstəliyin müalicə müddəti həkim tərəfindən hər bir halda fərdi qaydada müəyyən edilir, çünki sağalma sürəti itihabın səbəblərindən, pasiyentin sağlamlıq durumundan və bir çox başqa amillərdən asılıdır. Həddindən artıq soyuğa məruz qalma və ya sidik yollarının zədələnməsi nəticəsində yaranan kəskin prostatiti adətən 2-3 həftəyə müalicə etmək olur. Lakin xəstəliyin simptomları aradan qaldırıldıqdan sonra da, residiv riskini istisna etmək üçün pasiyent müntəzəm olaraq müşahidə olunmalıdır.

Prostatiti müalicə etmədikdə, nə baş verir?
Müalicə olunmamış kəskin prostatit xroniki formaya keçir. Xroniki forma remissiya və residiv dövrlərinin bir-birini əvəz etməsi ilə xarakterizə olunur. Ağrı və dizurik pozğunluqlarla müşayiət olunan hər bir yeni tutmaya yüngül soyuğa məruz qalma, qeyri-müntəzəm cinsi aktivlik, alkoqol, ədvalı yeməklərin qəbulu və bir çox başqa amillər səbəb ola bilər. Xroniki prostatit qonşu sidik-tənasül sistemi orqanlarının iltihabına (vezikulit, uretrit, kollikulit), prostat vəzində fibroz və kalsinatların(daşların) əmələ gəlməsinə, prostat sklerozuna və spermatozoidlərin hasilatının pozulması nəticəsində sonsuzluğa gətirib çıxara bilər.

Düzdür ki, prostatiti antibiotiklərsiz müalicə etmək olar?
Kişilərdə prostatitin müalicəsi yalnız o halda antibiotiklərsiz aparılır ki, əgər prostaititin səbəbi bakterial infeksiya deyil.  Belə hallarda, simptomatik terapiya üçün preparatlar, fizioprosedurlar və s. tətbiq edilir. Xəstəliyin müalicəsində həmçinin həyat tərzinin və rasionun korreksiyası, intim gigiyena qaydalarına riayət etmə, aralıq nahiyəsinin əzələləri üçün xüsusi məşq çalışmalarının yerinə yetirilməsi də əhəmiyyətli rol oynaya bilər.

Prostatiti həmişəlik müalicə etmək mümkündür?
Müasir terapevtik metodlar kəskin bakterial prostatiti tam şəkildə müalicə etməyə və kiçik çanaqda qan durğunluğu, aralıq nahiyəsinin travmaları və digər qeyri-infeksion xarakterli amillər nəticəsində yaranmış prostat vəzin xroniki iltihabı zamanı uzun müddət əlamətlərin olmamasına nail olmağa imkan verir.

Prostatit zamanı ağrını necə aradan qaldırmaq olar?
Prostatitin kəskinləşməsi zamanı ağrı sindromunu azaltmaq üçün çoxlu miqdarda maye içmək tövsiyə olunur. Bu sidik ifrazı proseslərini yüngülləşdirməyə imkan verir. Prostatit tutması zamanı istənilən fiziki yüklənmələri istisna etmək lazımdır. Prostatitin əlamətlərini yüngülləşdirən ağrıkəsici preparatlar qəbul etmək lazımdır.

Gizli prostatiti necə müəyyən etmək olar?
Kişilərdə prostatitin müalicəsinin effektivliyi birinci növbədə xəstəliyin mərhələsindən və davamlılığından asılıdır. Çox vaxt o, demək olar ki, əlamətsiz keçir, buna görə də əhvalınızdakı ən xırda dəyişikliklərə fikir vermək çox vacibdir. Narahatlıq doğuran əlamətlərə aşağıdakıları aid etmək olar:  aralıq nahiyədə narahatlıq hissi; gecə vaxtı 1-2 dəfə sidik ifraz etmək zərurəti, sidik axarının qırıq-qırıq və ağrılı olması və s. Gizli prostatiti yalnız xüsusi analizlərdən keçdikdə müəyyən etmək olur.

Prostatit müalicəsi zamanı alkoqol qəbul etmək olar?
Prostatit xəstəliyini müalicə edərkən spirtli içkilərin, o cümlədən pivənin qəbulundan tamamilə imtina etmək lazımdır. Alkoqollu içkilər sidik yollarına qıcıqlandırıcı təsir göstərərək xəstəliyin gedişatını kəskinləşdirir və sağalmanı yubandırırlar. Bundan başqa, spirtli içkilər bakterial prostatitin terapiyası zamanı təyin olunan bir çox antibiotiklərin qəbulu zamanı qadağandır. Prostat vəzin iltihabı zamanı alkoqol qəbulu ağırlaşmaya gətirib çıxara bilər.

Prostatit sonsuzluğa səbəb olur?
Xroniki prostatit kişilərdə mayalandırma qabiliyyətini azalda bilər. Xəstəliyə səbəb olan bakteriyalar, spermatozoidlərə mənfi təsir göstərə bilər. Prostatit fonunda yaranan sonsuzluğu müalicə etmək mümkündür.

Prostatit müalicəsi zamanı cinsi həyatdan imtina etmək lazımdırmı?
Xroniki prostatitdən əziyyət çəkən kişilər üçün müntəzəm cinsi həyat nəinki qadağan deyil, əksinə faydalıdır. Cinsi əlaqə zamanı kiçik çanaq orqanlarının qan təchizatı yaxşılaşır, prostat vəzin təbii massajı baş verir və onun axarları toplanmış şirədən azad olunur. Həftədə 2-3 cinsi əlaqə optimal hesab olunur. Eyni zamanda, yarımçıq (boşalma olmadan) cinsi əlaqədən qaçınmaq lazımdır. Cinsi həyatdan yalnız prostatitin kəskinləşmə mərhələsində ağrıların olduğu zaman imtina etmək olar.

Prostatitin yaşla əlaqəsi varmı?
Prostatit – kişinin yaşı ilə birbaşa əlaqəli olan xəstəlik deyil. Tibbi statistikaya görə, prostat vəzin iltihabı hallarının təxminən üçdə bir hissəsi 35-45 yaşlı pasiyentlərdə müşahidə olunur. Adətən prostatit cinsi baxımdan yetkin kişilərdə müəyyən edilir. 

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda