64590
20 Dekabr 2013
Prezervativlərin istifadə qaydalari
Prezervativlərin istifadə qaydalari

Prezervativi necə seçməli? Prezervativ (kondom) seksual müdafiənin ən optimal üsuludur. O, sağlamlığa ziyan vurmur və arzuolunmaz hamiləlikdən və cinsi yolla yoluxan müxtəlif xəstəliklərdən maksimum müdafiə edir. Prezervativ sperma keçiriciliyi olmayan və ereksiya halında kişi cinsi orqanına(penisə) taxılan kisəcikdir. Statistikaya görə, Azərbaycanda prezervativlərin 90%-nin alıcıları kişilərdir. Buna görə də keyfiyyətli və vacib məqamda pis vəziyyətdə qoymayan prezervativ seçiminə görə məhz kişi məsuliyyət daşıyır. Lakin çox vaxt prezervativlər hamiləlikdən və infeksiyadan lazımi dərəcədə müdafiə etmir, çünki əksər kişilər onlardan istifadə qaydalarını bilmirlər. Bir neçə qaydaları bilməklə, nəinki sağalamlıqla bağlı olan xoşagəlməz nəticələrdən uzaq olmaq olar, həm də özünüzə əminlik yaranar! Prezervativdən necə istifadə etməli?

1. Yalnız tanınmış istehsalçıların prezervativlərini əldə edin. İstehsalı bilinməyən prezervativləri almaq məsləhət deyil.

2. Əmin olun ki, prezervativin istifadə müddəti keçməmişdir.

3. Prezervativin qabının (folqanın) bütövlüyünə əmin olun.

4. Folqanın bir tərəfini elə açın ki, prezervativ zədələnməsin.

5. Baş və işarə barmağınızla prezervativin ucunu sıxın ki, orada hava qalmasın və tam ereksiya halında olan cinsi orqana yaxınlaşdırın.

6. Prezervativin ucunu bir əlinizlə tutaraq o biri əlinizlə prezervativi penisin başına keçirib ehmalca uzunluğu boyu açmaq lazımdır.

7. Eyakulyasiyadan(boşalmadan) dərhal sonra penisi uşaqlıq yolundan çıxarın. Sürüşməsinin qarşısını almaq üçün prezervativi onun əsasından bir əlinizlə tutun.

8. Prezervativi çıxarın.

9. Prezervativi elə düyünləyin ki, sperma mayesi axmasın.

10. İstifadə olunmuş zibil qabına atın. Prezervativi unitaza atmayın.

Yadda saxlayın:

- Prezervativi bir dəfə istifadə edin.

- İstifadə müddəti bitmiş prezervativləri istifadə etməyin.

- Qabının(folqa) hermetikliyi şübhə doğurduqda, prezervativi istifadə etməyin.

- Folqanı açmaq üçün qayçı və ya digər iti predemtlərdən istifadə etməyin. Bu, prezervativi zədələyə bilər. Prezervativin möhkəm olmasına baxmayaraq, onu dırnaqla və zərgərlik bəzəkləri ilə zədələmək olar.

- Prezervativi yalnız tam ereksiya halında olan penisə taxın. Prezervativ penisin uzunluğu boyu bərabər şəkildə paylanmalıdır. Bu, onun istifadə zamanı cırılmasının qarşısını alar.

- Prezervativin ucunda havanın olması onun cinsi akt zamanı cırılmasına səbəb ola bilər.

- Prezervativdən uşaqlıq yolundan kənar istifadə olunması onun sürüşməsinə və zədələnməsinə səbəb ola bilər. Cinsi yolla ötürülən infeksiyaların qarşısını almaq üçün hətta oral seks zamanı belə prezervativdən istifadə olunmalıdır (ən nazik məhsullardan istifadə etmək olar). Anal və vaqinal seks üçün müxtəlif prezervativlər buraxılır. Birincisi üçün prezervativ ikincisindən qalın və möhkəm olur ki, bu da cırılma riskini azaldır. Bunu hələ prezervativi alarkən nəzərə almaq lazımdır.

- Ereksiyanın başlanğıc mərhələsində penisdən ifraz olunan mayenin tərkibində sperma və cinsi yolla ötürülən sifilis, qonoreya, genital herpes, xlamidiya kimi infeksiyalar ola bilər. Vaginal sekret də təhlükə mənbəyi ola bilər. Buna görə də penisin cinsi aktdan əvvəl və sonra partnyorun bədəni ilə kontaktına yol verməyin.

- Prezervativlə birgə əlavə sürtkü kimi bitki, heyvan və kulinariya yağlarından, habelə losyon və vazelindən istifadə etməyin. Onlardan istifadə lateksin həll olmasına və prezervativin bütövlüyünün pozulmasına səbəb ola bilər.

- Prezervativin cinsi orqanda, cinsi akt boyu qalmasına nəzarət etmək lazımdır. Prezervativ sürüşübsə, cinsi aktı davam etməzdən öncə yenisindən istifadə etmək lazımdır.

- Prezervativlər bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilən təbii lateksdən hazırlanmışdır. Prezervativi istifadə edərkən xoşagəlməz hallar (selikli qişanın qıcıqlanması, göynəmə və s.) yarandıqda, həkimə müraciət edin.

- Prezervativi quru və sərin yerdə saxlamaq lazımdır. Birbaşa günəş şüalarının, istinin, yağlardan və həlledicilərin təsirindən qoruyun.

- Heç bir kontrasepsiya metodu hamiləlikdən və ya cinsi yolla ötürülən xəstəliklərdən 100%-lik zəmanət vermir. Hal-hazırda yalnız prezervativdən düzgün istifadə etməklə bu kimi riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

- Unutmayın: prezervativ cırılıbsa, cinsi orqanı dərhal uşaqlıq yolundan çıxarmaq və antiseptiklə yumaq lazmıdır.

- Bəzi infeksiyalar, məsələn, sifilis, genital herpes, papillomavirus, kontaqioz mollyusk və başqaları penis və penis ətrafındakı dərini zədələyir, deməli, prezervativlərdən istifadə etməklə də onları başqasına ötürmək mümkündür. Qadında olan səpgilər, qaşınmalar bu xəstəliklərə işarə ola bilər.

Unutmayın ki, düzgün həyat tərzi, habelə təhlükəsiz seks prinsiplərinə əməl etməklə özünüzün və yaxınlarınızın sağlamlığını qoruya bilərsiniz. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda