16976
12 Dekabr 2014
Orxit və epididimit
Orxit və epididimit

Xaya soyuqlamasi  - Orxit - Epididimit - Xaya ağrıları  - Xaya iltihabı - Xaya xestelikleri - Xayada iltihab - Xayada agri

Orxit və epididimit

ORXIT- xayanın iltihabı, epididimit – xaya artımının iltihabıdır. Orxoepididimit xayanın və xaya artımının eyni zamanda iltihabıdır. Xaya, xaya artımı və toxum ciyəsi xayalığın orqanlarıdır. Nadir hallarda toxum ciyəsinin tərkibinə daxil olan toxumdaşıyıcı axacağın iltihabı olan deferentitə rast gəlinir. Orxitinin və epididimitin formaları

Xəstəliyin gedişatına görə kəskin və xroniki formalar fərqləndirilir. Kəskin epididimit, orxoepididimit və ya orxit – qəfil yaranan və xaya və ya xaya artımının böyüməsi və qalınlaşması, kəskin ağrılar və bədənin hərarətinin yüksəlməsi ilə müşayiət olunan iltihabi prosesdir. Xəstəlik qəfildən bədənin hərarətinin yüksəlməsi, xayada intensivliyi və davamlılığı müxtəlif olan ağrılarla başlayır. Ağrı qasığa, aralığa, bel nayihəsinə də verə bilir. Zədələnən tərəfdə xayanın ölçüləri kəskin şəkildə artır, xəstəlik başladıqdan bir neçə gün sonra xayanın dərisi hamarlaşır və qızarır. Ağrı addım atarkən (pilləkəndən enərkən), fiziki yüklənmə zamanı, bədənin vəziyyətini dəyişərkən güclənə bilir. Bundan başqa, xəstəliyin klinikasında iltihabın ümumi simptomları – ürəkbulanma, qusma, üşütmə, baş ağrısı da yer ala bilir.

Xaya və xaya artımının xroniki iltihabı davamlı (bir neçə aydan bir neçə ilədək) cərəyan edir, bəzən aparılan müalicə effekt vermir. Xroniki orxit və epididimit xayada kəskin iltihab proseslərini düzgün müalicə etmədikdə və ya sidik-cinsi sistemin xroniki iltihab xəstəliklərinin (prostatit, uretrit, sistit) ağırlaşması kimi inkişaf edə bilir. Xəstəliyin simptomları ya ifadəsizdir, ya da ümumiyyətlə bu simptomlar olmur. Çox vaxt xəstəliyin yeganə simptomu xayada dövri ağrıların olması olur. Müəyyən hallarda bu ağrılar güclənə bilir.

Beləliklə, xroniki və residiv edən epididimit, orxoepididimitorxitlər xayalıq orqanlarının cüzi olaraq böyüməsi və lokal şəkildə qalınlaşması kimi təzahür edə bilir. Ağrı o qədər də güclü olmur, bədənin temperaturu adətən normal olur.

Diaqnostika

Xaya, xaya artımı və toxum ciyəsi xəstəliklərinin diaqnostikasının əsasında fizikal müayinə (ilk növbədə palpasiya) durur. Bundan sonra xayalığın ultrasəs müayinəsi (USM) edilir. Bütün bu metodlar tam ağrısızdır, onlardan düzgün istifadə edilməsi və nəticələrin düzgün şərhi dəqiq diaqnoz təyin etməyə imkan verir. Epididimitin, orxitinorxoepididimitin səbəblərini müəyyən etmək üçün mütləq sidiyin ümumi analizi və mikrofloraya görə əkmə edilir, bəzən bakteriyaların olmasına görə spermanın (eyakulyatın) analizi də edilir. Cinsi yolla ötürülən xəstəliklərə görə PZR-diaqnostikası edilir. Şübhə olduqda, sidik və eyakulyatda vərəm mikrobakteriyalarına görə də müayinə aparılır.

Orxitin və epididimitin səbəbləri

Orxitin və epididimitin səbəblərinə aiddir:

  • Xayalıq orqanlarına sidik ifrazı kanalı ilə toxumdaşıyıcı axacağın vasitəsi ilə cinsi yolla keçən infeksiyalarınn düşməsi (qonoreya, xlamidioz, trixomoniaz)
  • əvvəllər keçirilmiş parotit (svinka) üzündən yaranan ağırlaşma
  • vərəm xəstəliyinin ağırlaşması
  • xayaların zədələnməsi, xayada, onun artımında və toxumdaşıyıcı axacaqda əməliyyat aparılması – posttravmatik orxoepididimit.
  • prostatit və uretritin ağırlaşmış formaları
  • orqanizmin kəskin soyuqlaması və nəticədə xayalıq orqanlarının qanla təchizatının pisləşməsi.

Orxitin və epididimitin ağırlaşmaları

Xayanın və xaya artımının iltihabları ilk növbədə kişi sonsuzluğunun (infertilliyin) inkişafı ilə təhlükəlidir. Vaxtında və səmərəli müalicə aparılmasa, bu, spermatazoidlərin yaranmasında, normal inkişafında və xayadan spermanın son olaraq formalaşdığı uretranın arxa şöbəsinə nəqlində pozğunluqlara gətirə bilər. Xayalıq orqanlarının ikitərəfli iltihabı varsa, sonsuzluq təhlükəsi artır. Bu hallarda kişi cinsi hormonu – testosteron-un kifayət qədər hasil olmaması ilə bağlı problemlər (cinsi istəyin azalması, ereksiyanın zəifləməsi, iş qabiliyyətinin azalması, əzələ kütləsinin azalması) də inkişaf edə bilir.

Orxitin və epididimitin profilaktikası

Bu xəstəliklərin və onların fəsadlarının profilaktikası üçün cinsi yolla keçən infeksiyaya yoluxmadan uzaq olmalı, cinsi infeksiyaları vaxtında müalicə etməli, kəskin soyuqlamaya yol verməməli, xayalığı zədələrdən qorumalıdır. Parotitin (svinkanın) profilaktikasının da əhəmiyyəti olduqca böyükdür.

Orxitin, epididimitin və orxoepididimitin müalicəsi

Orxitin, epididimitin və orxoepididimitin müalicəsi ləngimədən və kompleks şəkildə aparılır. Müalicənin əsasını antibiotiklər, qeri-steroid iltihabəleyhinə preparatlar təşkil edir. Müalicə zamanı bütün pasiyentlərə dar alt paltarlarını geyinmək məsləhətdir. Bu, xayalarda daha yaxşı qan və limfa axınına səbəb olur. Xayada və xaya artımında irin ocaqları və ya abses olduqda, habelə müalicəsi çətin olan xroniki residiv edən epididimit zamanı, xaya vərəmi hallarında cərrahi müalicə aparılır. Bu, absesin yarılmasından və drenaj edilməsindən, xayanın və ya xaya artımının qismən və ya tam olaraq götürülməsindən ibarət ola bilir. Yadda saxlayın: xayalarda ağrı yarandıqda, mütləq həkimə müraciət etmək lazımdır. Müalicəyə nə qədər tez başlansa, bir o qədər də o, effektiv olar. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda