6226
26 Oktyabr 2021
Kişi sonsuzluğunun müalicəsi
Kişi sonsuzluğunun müalicəsi

Kişi sonsuzluğunun müalicəsi - kişi sonsuzluğu
“Sonsuzluq” diaqnozu 1 il ərzində qorunmasız cinsi həyatın olmasına baxmayaraq, hamiləliyin baş vermədiyi hallarda təyin edilir. Mayalanma ilə bağlı çətinliklər yarandıqda həkimlər hər iki partnyorun müayinədən keçməsini tövsiyə edirlər. Yəni qadınla yanaşı, kişinin də kompleks müayinədən keçməsinə zərurət yaranır. Problem nə qədər tez müəyyən edilərsə, kişi sonsuzluğunun müalicəsi də bir o qədər effektiv olar.

Kişilərdə sonsuzluğun səbəbləri
Kişi cinsi hüceyrələrinin(spermotozidlərin) qadının toxum hüceyrəsini təbii yolla mayalandıra bilməməsi - kişi sonsuzluğu adlandırılır. Əksər hallarda mayalandırma ilə bağlı problemlər spermatozoidlərin hasilatının pozulması, onların həyat qabiliyyətinin və hərəkətliliyinin pisləşməsi nəticəsində yaranır.
Belə pozuntulara aşağıdakı sağlamlıqla bağlı problemlər səbəb ola bilər:
•    hormonal disbalans;
•    varikosele (xaya venalarının genişlənməsi);
•    cinsiyyət orqanlarında iltihabi proseslər (uretrit, prostatit, vezikulit);
•    xayalarda iltihabi proseslər;
•    cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları;
•    cinsi yolla ötürülən xəstəliklərin fəsadları;
•    artıq çəki;
•    psixoloji səbəblər;
•    narkotik asılılıq, siqaretçəkmə, həddindən artıq alkoqol qəbulu.

Kişilərdə mayalanma qabiliyyətinin diaqnostikası
Kişinin ata olmaq qabiliyyətini yoxlamaq üçün, birinci növbədə spermoqramma analizi təyin edilir. Əgər spermoqramma nəticələrində, normadan kənar göstəricilər aşkar edilərsə, aşağı göstəricilərin səbəblərini müəyyən etmək üçün kompleks diaqnostika həyata keçirilir. kişi sonsuluğunun səsbəblərini aşkarlamaq üçün bu müayinələr edilir:  xayaların doppler müayinəsi; cinsi hormonların səviyyəsini göstərən analizlər, cinsi yolla ötürülən infeksiyalara görə analizlər, prostat vəzinin ultrasəs müayinəsi və s. Müayinələrin nəticələrinə əsasən, həkim, reproduktiv funksiyanın pozulmasının səbəbini müəyyən edir, diaqnozu təyin edir və müalicə kursunu tərtib edir.

Sonsuluğa görə müalicə alan kişilərə tövsiyyələr
•    Qasıq nahiyəsini həddindən artıq istiyə məruz qoymamağa çalışın. Spermatozoidlərin inkişafı üçün ən münasib temperatur +35 °С təşkil edir. Temperatur saunada, qaynar vannada, avtomobil oturacaqlarının qızdırıcısından istifadə etdikdə yüksəlir.
•    Spermatogenezə mənfi təsir göstərir: dar alt paltarı və bədəni sıxan cins şalvarları, aktiv velosiped gəzintiləri və siqaretçəkmə, bütün bunlar xaya toxumalarının qan təchizatını pisləşdirir.
•    Zərərli vərdişlərdən heç olmasa müəyyən müddətə imtina edin, xüsusən də siqaretlərdən və alkoqoldan, eləcə də narkotik təsir göstərən maddələrdən. Onların toksinləri spermatozoidlərdə toplanır, bu isə onların hərəkətliliyinə, aktivliyinə və konsentrasiyasına təsir edir.
•    Yuxunuzu tam almağa və daha çox hərəkət etməyə çalışın. Xroniki yuxu çatışmazlığı və azhərəkətli həyat tərzi spermanın keyfiyyətini pisləşdirir.
•    Stresslərdən qaçın! Daimi əsəbi gərginlik fonunda, sperma göstəriciləri zəifləyə bilər.
•    Düzgün qidalanmağa çalışın. Rasiona bal, müxtəlif qoz növləri, quru meyvələr, çərəz məhsulları əlavə edin.

Kişi sonsuzluğun müalicəsi
Kişi sağlamlığı üçün yaxşı istirahət etmək, düzgün qidalanmaq, stressləri və zərərli vərdişləri aradan qaldırmaq olduqca vacibdir. Həyat tərzində düzəlişlərin edilməsi kifayət etmədikdə, başqa müalicə üsullarından istifadə olunur:
•    Medikamentoz terapiya. Vitamin və mineral kompleksləri, hormonal preparatlar, cinsi orqanların damarlarında qan dövranını yaxşılaşdıran dərman vasitələri təyin edilir.
•    Fizioterapiya. Elektroforez, lazeroterapiya, maqnitoterapiya və digər prosedurlar medikamentoz müalicənin effektivliyini artırır, spermatogenezi stimullaşdırır, spermatozoidlərin hərəkətliliyini yaxşılaşdırır.
•    Cərrahi müdaxilə. Varikoseleni (toxum ciyəsi venalarının varikoz genişlənməsini) müalicə etmək üçün tətbiq edilir. Bu xəstəlik sperma hasilatına mənfi təsir edir, mayalandırma ehtimalını azaldır. Bundan başqa, cərrahi müalicədən pasiyentdə kriptorxizm, qasıq yırtığı, toxumdaşıyıcı kanalların qeyri-düzgün quruluşu, xayada suyun yığılması (hidrosele) müəyyən edildikdə istifadə olunur.

Təbii yolla mayalanma mümkün olmadığı hallarda köməkçi reproduktiv texnologiyalar tətbiq olunur.
•    İnseminasiya(aşılama). kişidə cinsi zəiflik, spermatozoidlərin miqdarının az olması və onların aktivliyinin azalması halında, bu metod tətbiq edilir. İnseminasiyadan əvvəl, sperma laborator şəraitdə emal edilir. Təmizləndikdən və zənginləşdirildikdən sonra qeyri-kafi spermatozoidlər kənarlaşdırılır, aktiv olanları isə uşaqlığa yerləşdirilir.
•    Süni mayalanma. Qadın hüceyrəsi spermatozoidlə laboratoriya şəraitində mayalandırılır, sonra isə uşaqlığa yerləşdirilir, və orada embrion təbii yolla inkişaf edir.
•    ICSI – çoxlu sayda spermatozoidlərin içindən maksimum aktivliyə malik olan bir spermatozoidin seçilərək laborator şəraitdə birbaşa toxum hüceyrəsinə daxil edilməsini nəzərdə tutan süni mayalanma növüdür.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda