15312
7 İyul 2014
Hepatit və seks
Hepatit və seks

Hepatit - əsasən virus yoluxması ilə yaranan qaraciyər iltihabıdır. Hetatit C – viruslu hepatitin ən ağır formasıdır. Hepatit C Azərbaycanda ən geniş yayılmış infeksiyalardandır. Hepatit C, qaraciyərin sirrozu və qaraciyərin xərçəngi kimi  olduqca ağır nəticələrə gətirib çıxara bilər. Hepatit C virusu insandan insana ötürülməklə yayılır. Əksər hallarda xəstəlik əlamətlərsiz olaraq cərəyan edir və təsadüfi qan analizi ilə ortaya çıxır. Beləliklə, bir çox insan böyük təəccüblə öyrənirlər ki, sən demə, onlar bu yoluxma ilə yaşayırlarmış, həm də çox güman ki, uzun bir müddət ərzində. Adətən Hepatit C tatu vurulması, iynə vurulması, qulaqların deşilməsi, donor qanın verilməsi və bir iynənin bir neçə adam tərəfindən istifadə olunması zamanı ötürülür. Tez-tez Hepatit C-nin cinsi yolla ötürülməsi haqqında suallar yaranır.

Hepatit C ötürülməsinində cinsi əlaqə yolu mümkündür, lakin bu halda cinsi yolla ötürülmə riski olduqca minimaldır. Amma xəstəliyin sağlamlığa vurduğu ağır nəticələr yoluxmanın, hətta praktiki olaraq mümkün olmadığı hallarda da təhlükədən qorunmağa vadar edir. Bu ən çox bilavasitə virus daşıyıcısı olan xəstələrlə əlaqədə olan şəxslər üçün aktualdır. Axı bilməməzlikdən, yoluxma qorxusundan, hətta ən isti münasibətlər belə pozula bilər.

Cinsi yolla ötürülmə zamanı Hepatit C virusuna yoluxma necə baş verir?

Virusun cinsi yolla ötürülməsi o halda baş verir ki, yoluxmuş sekret (insan orqanizmindən ifraz edilən istənilən maddə)  və ya yoluxmuş qan sağlam insanın orqanizminə seliklə daxil olsun. Lakin yoluxmanın baş verməsi üçün sadəcə yoluxmalı sekretin olması kifayət deyildir. Burada həmçinin meyl oyadan amillər də mövcud olmaldırlar: orqanizmin ifraz etdiyi sekretdəki virusların çoxsaylı olması, virusların rastlaşdığı selikli qişanın bütövlüyü, digər cinsi yoluxmaların (viruslu və bakterial) mövcudluğu.

Kişi toxumunda, vagina ifrazatlarında, tüpürcəkdə Hepatit C virusunun tərkibinin aşkar edilməsi üzrə tədqiqatlar ondan xəbər verir ki, onlarda virus çox az sayda aşkar edilir və olanda da onlar aşağı titrdə olur, Hepatit C cinsi yolla yoluxmanın aşağı tezliyinin əsasında da elə bu dayanır.

Hansı amillər cinsi yolla Hepatit C virusuna yoluxma təhlükəsini yüksəldir?

Seksual davranış xüsusiyyətləri olan şəxslərdə yüksək zədələnmələrlə əlaqədar olan təhlükə amilləri aşağıdakılardır:

HİV koinfeksiyasıhomoseksualizm zöhrəvi xəstəliklər (herpes, trixomoniaz, qonoreya); Selikli qişanın zədələnməsi təhlükəsi ilə olan seks (misal üçün, anal seks).

Beləliklə, qeyd etmək olar ki, cinsi yolla Hepatit C virusuna yoluxma təhlükəsi mövcud olsa da, bu olduqca zəifdir.

Hepatit C virusunun cinsi yolla ötürülməsinin profilaktikası üçün parktiki tövsiyyələr

  1. Daimi cinsi partnyorlarda Hepatit C-yə yoluxmanın onsuz da aşağı olan təhlükə dərəcəsini daha da aşağı salmaq üçün maneə kontrasepsiyası (prezervativ) metodundan istifadə etmək olar. Məqsədəuyğundur ki, dövrü olaraq (ildə 1 dəfə) Hepatit C markerləri yoxlanılsın.
  2. Hepatit C yoluxmuş və bir neçə cinsi partnyoru olan və ya müxəlif qısamüddətli cinsi əlaqələr yaşayan şəxslərə prezervativdən istifadə etmələri tövsiyyə edilir
  3. Digər cinsi infeksiyaların mövcud olduğu, menstruasiya dövründə sekslə məşğul olan zaman, eləcə də selikli qişanın yüksək zədələnmə təhlükəsinin mövcud olduğu sekslə (anal seks və s.) məşğul olan zaman prezervativdən istifadə etmək məqsədəuyğundur.
  4. Artıq yoluxmuş cinsi partnyorun, üzərində qan izləri ola biləcək şəxsi əşyalarından (diş fırçası, ülgüc, manikür ləvazimatları və s.) istifadə etmək tövsiyyə edilmir.

Bir daha diqqətinizə çatdırmaq istərdim ki, cinsi əlaqə yolu ilə Hepatit C virusunun ötürülməsi, bu virus üçün əsas yol deyil. Virus əsasən orqanizmə qan vasitəsi ilə daxil olur.  Hər bir halda, əgər Hepatit C virusuna yoluxma təhlükəsi varsa, tez bir zamanda virusun qanda olub-olmamasını yoxlamaq məsləhət görülür. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda