287
10 İyul 2018
Kişi sonsuzluğu zamanı süni mayalandırma
Kişi sonsuzluğu zamanı süni mayalandırma

Əksər hallarda həm qadın, həm də kişi sonsuzluğu müalicəyə yaxşı cavab verir. Ondan sonra hamiləlik təbii yolla baş verir. Əgər həkimlərin səyləri nəticə vermirsə, və ya müalicə əvvəldən perspektivsiz görünürsə, köməyə köməkçi reproduktiv texnologiyalar gəlir. Bu prosedur hətta ən ümidsiz görünən vəziyyətlərdə belə hamiləliyə nail olmağa imkan verir. Onlara aşağıdakılar aiddir:

1. Uşaqlıqdaxili inseminasiya - aşılama

Uşaqlıqdaxili inseminasiya - bu prosedur zamanı kişinin sperması birbaşa qadının uşaqlıq boşluğuna daxil edilir. Uşaqlığa servikal kanal vasitəsilə şprislə birləşili olan xüsusi kateter daxil edilir. Bu şprisin köməyi ilə sperma uşaqlığa yeridilir. Bu prosedur ovulyasiya dövründə həyata keçirilir. Bu zaman ovulyasiya həm təbii, həm də mayalanma şanslarını artırmaq məqsədi ilə hormonal preparatlarla yaradılmış ola bilər. Bu prosedura ən çoxu 3-4 dəfə təkrarlamaq tövsiyə olunur. Statistikaya əsasən qadınların təxminən 87%-i ilk 3 inseminasiya sikli (dövrü) ərzində hamilə olurlar. Hamiləlik baş vermədiyi halda, sonrakı cəhdlərin uğur ehtimalı yalnız 6% təşkil edir.

2. Süni mayalandırma

Ekstrakorporal mayalanma üsulu kişi və qadın sonsuzluğunun aparıcı və effektiv müalicə üsullarından biridir. Prosedurun mahiyyəti aşağıdakılardan ibarətdir: qadının yumurtalıqlarından yetişmiş toxum hüceyrələri götürülür, daha sonra onlar qadının həyat yoldaşının və ya kişidə spermotozoidlər olmadıqda və həm kişinin həmdə qadının razılığı ilə donorun spermatozoidləri ilə mayalandırılır, ardınca mayalanmış toxum hüceyrələri laborator şəraitdə kultivasiyası olunur və sonda embrionlar uşaqlıq boşluğuna köçürülür. Bu reproduktiv texnologiya bir çox sonsuz cütlüklərə səbirsizliklə gözlənilən valideynlik sevincini yaşamağa imkan verir.

Kişi üçün süni mayalandırmaya göstərişlər

Kişi sonsuzluğu qadın sonsuzluğu qədər tez-tez rast gəlinən haldır. Özü də o daha çətin müalicə olunur. Buna görə də ərin reproduktiv funksiyasının pozulması səbəbindən süni mayalandırma protokollarının icra edilməsi kifayət qədər tez-tez rast gəlinən haldır. Bu zaman qadının fertilliyi tam olaraq saxlanıla bilər.

Obstruktiv sonsuzluq

Bu xəstəlik zamanı adətən azoospermiya müəyyən edilir. Bu o deməkdir ki, spermada spermatozoidlər yoxdur. Belə hallarda sonsuzluğun iki müalicə növü var. Birinci – toxum yollarının keçirmə qabiliyyətini bərpa etməyə imkan verən rekonstruktiv əməliyyat. İkinci – İKSİ (ICSI) ilə süni mayalandırma prosedurun həyata keçirilməsi. Mayalanma üçün spermatozoidləri biopsiyanın köməyi ilə  xayanın toxumasından götürürlər.

Retroqrad eyakulyasiya

Bu xəstəlik olduqda cinsi əlaqə zamanı sperma qadının uşaqlıq yoluna yox, kişinin sidik kisəsinə daxil olur. Bu toxum axarlarının quruluş anomaliyaları və ya prostat vəzi ilə əlaqəli keçirilmiş əməliyyatlar olduqda və şəkərli diabet zamanı mümkündür. Bu problemin həll yolu eynidir –mayalanma üçün spermatozoidlər biopsiyanın köməyi ilə xaya toxumasından alınır. Lakin çox vaxt spermanın müəyyən hissəsi xarici mühitə çıxır və belə olan halda xayanın punksiyasına ehtiyac qalmır.

Cinsi zəiflik

Kişinin impotensiyası cinsi əlaqəyə girməni mümkünsüz edir. Buna görə də, təbii yolla mayalanma da mümkünsüz olur. Bu halda süni mayalandırma üsulundan istifadə olunur. Toxum hüceyrəsinin mayalanması üçün spermatozoidlər masturbasiya zamanı əldə edilən ərin spermasından alınır (əgər ereksiya masturbasiya zamanı yaranırsa) və ya xayadan götürülür.

Genetik (irsi) pozuntular

Əgər genetik xəstəliklərin ötürülmə riski böyükdürsə və ya əksər spermatozoidlər keyfiyyətsiz genetik material daşıyırlarsa, daha yaxşı olar ki süni mayalandırma və ya İGD (implantasiya öncəsi diaqnostika,PGD) proseduru həyata keçirilsin. Bu xromosom mutasiyalarını, hamiləliyin öz-özünə pozulması və uşaqda inkişaf qüsurları riskini aradan qaldırmağa imkan verir.

Spermanın keyfiyyətinin pis olması

Spermatozoidlərin aşağı konsentrasiyası, onların lazımi qədər hərəkətli olmaması(spermoqrammada hərəkətlilik faizlərinin azlığı) və cinsi hüceyrələrin quruluşunda pozuntular süni mayalandırma proseduru həyata keçirilməsi üçün əsas səbəb kimi çıxış edə bilərlər (əgər bu pozuntuları konservativ üsullarla aradan qaldırmaq mümkün deyilsə). Süni mayalandırma və İKSİ asanlıqla kişi sonsuzluğunun öhdəsindən gəlməyə imkan verir, çünki laborator şəraitdə toxum hüceyrəsini mayalandırmaq üçün embrioloqa spermada normal morfoloji quruluşa malik olan heç olmasa bir keyfiyyətli spermatozoid tapmaq kifayətdir.

Nəticələr

Bugünkü gündə KRT-nin (köməkçi reproduktiv texnologiyanın) köməyi ilə sonsuzluğun demək olar ki bütün formalarının müalicəsi mümkündür. Hamiləliyin baş vermə tezliyi 30-40%-ə çatır. Lakin sonsuzluğun müalicə üsulunun seçimi bir çox amildən asılıdır. İstənilən halda, yalnız həkim hansı halda UDİ-nin (aşılama, uşaqlıqdaxili inseminasiyanın), hansı halda süni mayalandırmanın və hansı hallarda bu prosedurlarsız keçinməyin mümkünlüyü ilə bağlı düzgün qərarı verə bilər. Çox vaxt Azərbaycanda elə hallar olur ki, ailə cütlüklərinin elə ilk müayinələrindəcə KRT-nin keçirilməsi üçün mütləq əlamətlər aşkarlanır. Lakin həkim və ya cütlüyün özü konservativ müalicəyə başlamaq qərarını verir. Bu yalnız vaxt və pul itkisinə gətirib çıxarır. Buna görə də, əgər üzunmüddətli müalicə kursları nəticə vermirsə, KRT metodlarından istifadə etmək, daha düzgün yol sayılır. Uğurlar!

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda