1411
10 İyul 2018
Cinsi xəstəliklərin əlamətləri
Cinsi xəstəliklərin əlamətləri

Cinsi yolla ötürülən xəstəlilər nədir?

CYÖX və ya CYÖİ — cinsi yolla ötürülən xəstəliklər (infeksiyalar) — bu termin xəstəlik törədən mikrobların və şərti-patogen mikroorqanizmlərin səbəb olduğu patologiyalar qrupunu birləşdirir.

Kişilərdə CYÖİ-ləri üç kateqoriya üzrə qruplaşdırmaq olar:

1. Cinsiyyət üzvlərində zədələnmələrə (cinsi orqanlarda yaralara, sızanaqlara və törəmələrə) səbəb olan infeksiyalar.

2. Kişilərdə sidik kanalının iltihabına (uretrit) gətirib çıxaran cinsi yolla ötürülən infeksiyalar.

3. Sistemli CYÖİ-lər, hansılar ki bütün orqanizmdə müvafiq simptomların əmələ gəlməsinə səbəb olurlar.

Lokal simptomlara və ya uretritə səbəb olan bəzi infeksiyalar (məsələn, sifilis və qonoreya) vaxtında müalicə olunmadıqda digər orqanların zədələnmələrinə səbəb ola və orqanizmdə yayıla bilərlər.

Konkret bir infeksiyadan asılı olaraq, cinsiyyət üzvlərində zədələnmələr kişinin cinsi orqanları üzərində ziyillər, ağrılı xoralar və suluqlar şəklində olurlar. Uretritə(sidik kanalaının iltihabı) gətirib çıxaran cinsi infeksiyalar çox vaxt sidik-tənasül yollarının infeksiyaları ilə əlaqəli olan erkən əlamətlərə malikdirlər. Bu əlaməətlərə diskomfort, sidik ifrazı zamanı ağrı və ya yandırma hissi və cinsi orqandan ifrazatlar daxildir.

Kişilərdə yayılmış cinsi infeksiyalar

Ümumilikdə cinsi infeksiyaların sayı bir neçə onluq təşkil edir, onlardan ən çox yayılmışları aşağıdakılardır:

* sifilis (törədici - Treponema Palidum)

* xlamidioz (törədici - Chlamydia trachomatis)

* qonoreya və ya tripper (törədici - Neisseria Gonorrea)

* genital herpes (törədici - Herpes simplex virus 1 / 2 tip)

* trixomoniaz (törədici - Trichomonas vaginalis)

* insan papilloması virusu (törədici - HPV (İPV))

* qardnerellez (törədici - Gardnerella vaginalis)

* mikoplazmoz (törədici - Mycoplasma genitalum / hominis)

Bütün bu xəstəliklər tək kişi orqanizmi üçün yox, həm də onun xanım-partnyorunun orqanizmi üçün ciddi təhlükə daşıyırlar.

Cinsi infeksiyaların inkubasiya dövrü

Xlamidioz Çox vaxt simptomsuz və ya minimum əlamətlərlə keçir. İnkubasiya dövrü – 14-30 gün
Qonoreya 2-7 sutkadan sonra özünü təzahür etdirir
Trixomoniaz İnkubasiya dövrü 5-28 gün təşkil edir
HİV (İİV) Uzun illər ərzində simptomsuz keçə bilər, lakin bəzi insanlarda təxminən 2 həftədən sonra qızdırma və qrip simptomları yaranır. Testin müsbət nəticə göstərməsi üçün 6 ayadək vaxt tələb oluna bilər.
Genital herpes Simptomlar adətən 2 həftə ərzində aşkarlanır.
HPV (papillomalar) Simptomlar ilk 3 ay ərzində meydana gəlir.
Hepatit B və C Hepatit B-nin simptomları adətən yoluxmadan sonra 4-6-cı həftələr arasında meydana gəlir. Həpatit C zamanı simptomların meydana gəlməsi üçün 2-6 həftə tələb oluna bilər. Adətən ilk əlamətlər 1,5-2 aydan sonra yaranır.
Sifilis Şankr birinci mərhələ üçün xarakterikdir, o orta hesabla 21 gündən sonra əmələ gəlir, lakin o yoluxmadan sonra 10-90 gün arasında istənilən zaman kəsiyində meydana gələ bilər.

Cinsi infeksiyaların əlamətləri

Daha əvvəl qeyd edildiyi kimi, bir çox cinsi infeksiyalar orqanizmin ciddi zədələnməsi anınadək heç bir ifadə olunmuş klinik təzahürlərlə xarakterizə olunmur. Çox vaxt zöhrəvi xəstəliyə yoluxmuş kişi özündə aşağıdakı simptomları müşahidə edə bilər:

* qasıq və onun ətrafında narahatlıq və ya tez-tez xoşagəlməz hisslərin əmələ gəlməsi

* qasıq nahiyəsində və ya qarnın aşağı hissəsində diskomfort

* aralıq nahiyədə diskomfort və ya xoşagəlməz hisslər

* sidik ifrazı zamanı sancılar və ağrılar

* yalançı və ya tez-tez sidik ifraz etmək istəyi

* gecə sidik ifraz et

* cinsiyyət üzvləri nahiyəsində qaşınma

* penisin başlığında və ya onun uc dərisində səpgilərin və ya qızartının əmələ gəlməsi

* sidik kanalından ifrazatlar

* cinsi əlaqə zamanı diskomfort və ya ağrılar

* vaxtından əvvəl boşalma

* cinsi funksiyanın zəifləməsi

* cinsi orqanların dərisində törəmənin əmələ gəlməsi

Əlamətlər ümumiyyətlə təzahür olunmaya və ya yoluxmanın yalnız kəskin mərhələsini müşayiət edə, daha sonra isə yoxa çıxa bilərlər. Diskomfort yarandıqda konsultasiya üçün müraciət etmək və diaqnostika üçün tələb olunan laborator analizləri vermək lazımdır.

Kişilər üçün cinsi xəstəliklərə görə analizlər

Cinsi xəstəliklərin müəyyən edilməsi üçün müxtəlif növ laborator analizlərdən istifadə olunur. Xəstəliyin müəyyən edilməsi müxtəlif bioloji materialların tədqiq edilməsindən sonra həyata keçirilir. Xəstəliklərin diaqnostikası üçün aşağıdakı analizlərdən istifadə olunur:

* Sidiyin analizi — zədələnmə dərəcəsini və sidik yollarının yoluxub yoluxmadıqlarını müəyyən etməyə imkan verir

* Qanın analizi — xəstəliyin monitorinqi və törədiciyə qarşı anticisimlərin müəyyən edilməsi üçün tətbiq edilir.

* Yaxmanın analizi — ümumi yaxma tətbiq edilir, əsas diaqnostika üsulu isə PZR diaqnostikadır.

Cinsi xəstəliklərin müalicəsi və mümkün ağırlaşmaları

Cinsi xəstəliklərin müalicəsi üçün preparatları yalnız ixtisaslaşdırılmış həkim seçə bilər. Yadda saxlamaq lazımdır ki, bəzi infeksiyalar müalicə olunmur, lakin onların aktivliyini həmişə azaltmaq mümkündür. Cinsi xəstəliklərin müalicəsi zamanı müxtəlif qrup medikamentlər təyin edilə bilər: antibiotiklər, virus əleyhinə preparatlar, immunomodulyatorlar və s. Hətta simptomlar yox olmağa başladığı zaman belə təyin edilmiş dərmanların qəbulunu dayandırmaq olmaz. Müalicədən sonra pasiyent həyata keçirilmiş terapiyanın effektivliyini müəyyən etmək üçün təkrar müayinədən keçməlidir.

Cinsi infeksiyaların profilaktikası

Cinsi xəstəliklərə yoluxmanın qarşısını almaq asandır. Cinsi partnyorları daha diqqətlə seçmək və həmişə keyfiyyətli prezervativlərdən istifadə etmək lazımdır.

 Cinsi xəstəliklərə qarşı profilaktik tədbirlər:

* Bir partnyorla cinsi əlaqəyə girmək;

* Şəxsi gigiyenaya riayət etmək;

* İldə iki dəfə profilaktik tibbi müayinələrdən keçmək;

* Tatuajı, maniküru, kosmetik prosedurları yalnız yoxlanılmış yerlərdə həyata keçirmək;

* İstənilən simptomlara vaxtında reaksiya göstərmək.

Həmişə yadda saxlamaq lazımdır ki, cinsi infeksiyalardan tam etibarlı qorunma üsulu yoxdur, buna görə də cinsi həyatın gigiyenası mütləqdir.

Cinsi yolla ötürülən xəstəliklərin vaxtında müalicə olunmaması sonsuzluğa və cinsi zəifliyə gətirib çıxara bilər. Çox vaxt simptomlara etinasız yanaşdıqda xəstəlik xroniki formaya keçir və bütün orqanizmə yayılır. Həmişə yadda saxlamaq lazımdır ki, cinsiyyət sisteminin infeksiyaları öz-özünə yox olmurlar. Tədbirli olun və öz sağlamlığınızı qoruyun!

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda