373
9 İyul 2018
Hemospermiya(Spermada qan)
Hemospermiya(Spermada qan)

Hemospermiya – spermada qanın olması ilə xarakterizə olunan patoloji haldır. Müəyyən hallarda spermada qan tamamilə sağlam insanlarda da müşahidə oluna bilər. Bunu insanın cinsi həyatında uzunmüddətli fasilə ilə izah etmək olar. Lakin, böyük ehtimalla, spermada qan kişinin cinsiyyət sistemində ciddi pozuntuların olmasından xəbər verir.

Hemospermiyanın əsas növləri

Hemospermiyanı iki əsas növə ayırırlar: - həqiqi; - yalançı. Həqiqi hemospermiya zamanı sperma ilə qanın qarışması cinsiyyət sisteminin aşağıdakı hissələrində baş verir:

- xayalar;

- toxum axarları;

- prostat vəzi;

- toxum kisəcikləri.

Bu halda sperma qəhvəyi rəng alır. Yalançı hemospermiya zamanı qanın qarışması uretrada baş verir. Hemospermiyanın bu halında spermada qan zolaqları müşahidə olunur, çünki sperma ilə qanın qarsıması hələ baş tutmayıb.

Hemospermiyanın əlamətləri

Hemospermiyanın istənilən təzahürü – kişinin sağlamlığında ciddi problemin olduğunu göstərən təhlükəli simptomdur. Əgər spermada qan aşkarlanmışdırsa, yubanmadan həkim-uroloqa müraciət etmək lazımdır. Birinci növbədə, bu patologiyanın səbəblərini mümkün qədər qısa zamanda müəyyən etmək lazımdır, çünki toxum mayesində qanın olmasına, böyük ehtimalla, ciddi bir xəstəlik səbəb olub. Bu cür xəstəliklər kişinin həm cinsi, həm də reproduktiv(nəsilartırma) funksiyası üçün təhlükəlidirlər, bundan başqa, onlar kişi orqanizminin ümumi durumuna da mənfi təsir göstərə bilərlər.

Gənc kişilərdə spermanın tərkibində qanın olmasını çox vaxt cinsiyyət sisteminin orqanlarından birində, məsələn - xaya artımlarında; - toxum kisəciklərində; - prostat vəzində iltihabi prosesin olması ilə izah etmək olar. Prostat vəzinin iltihablanması halında, spermanın tərkibində qanın olmasına aşağıdakı simptomlar əlavə olunur: - tez-tez sidik ifraz etmə; - bədən temperaturunun yüksəlməsi; - vaxtından əvvəl eyakulyasiya; - orqazmların intensivlik səviyyəsinin azalması. Əgər sizdə yuxarıda göstərilən simptomlardan heç olmasa biri meydana gəlmişdirsə, tezliklə androloqa müraciət edin.

Spermada qan: bu niyə baş verir?

Statistikaya əsasən, ən çox hallarda spermada qanın yaranmasına toxum kisəciklərinin iltihabı (vezikulit) səbəb olur. Vezikulit – xroniki prostatitin sonrakı inkişafı nəticəsində yaranır. Spermada qanın əmələ gəlməsi – toxum kisəciklərində və prostat vəzində patoloji prosesin olmasının aşkar əlamətidir. Məhz bu orqanlar toxum mayesinin yaranmasında iştirak edirlər. Bundan başqa, vezikulit özünü orqanizmin ümumi zəifliyi, qarnın aşağı hissəsində sidik ifrazının yubadılması zamanı güclənən ağrılar şəklində də təzahür etdirir. Vezikulit zamanı spermada və sidikdə qan müşahidə olunur.

Onkoloji mənşəli hemospermiya

Yaşlı kişilərin spermasında qanın olması prostat vəzində bəd- və ya xoşxassəli şişlərin əmələ gəlməsindən xəbər verə bilər. Yaşlandıqca kişi orqanizmində prostat vəzi xərçənginin yaranması üçün şərait yaranır. Bədxassəli yenitörəmə vaxtında aşkarlanmasa, onun sonrakı inkişafı letal nəticəyə (ölümə) gətirib çıxara bilər. Diaqnostika aşkar simptomların olmaması ilə çətinləşir. Əsas simptomlar özlərini xəstəliyin başlanğıc mərhələsi artıq tamamlandıqdan sonra təzahür etdirməyə başlayırlar. Lakin müasir tibbdə diaqnostikanı prostat vəzinin spesifik antigeninə görə analiz əsasında həyata keçirməyə imkan verən metodikalar mövcuddur. Bir çox hallarda, spermada qan tibbi manipulyasiyalardan və ya travmalardan sonra mexaniki zədələnmələr nəticəsində yaranır.

İnfeksiya mənşəli hemospermiya

Hemospermiyanın daha bir səbəbi kimi kişi cinsiyyət sistemində gizli iltihabi proseslər və infeksiyalar (uretrit və epididimit) çıxış edə bilər. Uretritin simptomları: - orqanizmin ümumi zəifliyi; - ağrılı sidik ifrazı; - uretradan irinin ifraz olunması. Epididimitin simptomları: - xaya artımlarında iltihabi proses; - ümumi halsızlıq; - tez-tez sidik ifraz etmə; - xayalığın şişkinliyi və ağrılılığı; - uretradan ifrazatların olması. Uzunmüddətli, intensiv və tez-tez baş verən cinsi əlaqələr - kişi cinsiyyət sistemində qan dövranı pozuntularının və durğunluq proseslərinin olması halında, toxum mayesində qanın əmələ gəlməsinin səbəbləri ola bilər.

Hemospermiyanın müalicəsi

Hemospermiyanın müalicəsi – spermada qan qatışığının yaranmasına səbəb olan əsas xəstəliyin müalicəsidir. İlkin müalicə antibakterial və iltihab əleyhinə preparatlarla aparılır. Bu bizim klinikamızın həkim-uroloqları tərəfindən ən çox tətbiq olunan metodikadır. Lakin çoxsaylı hemospermiya halları olduqda, residivlərin səbəblərini müəyyən etmək və onları istisna etmək məqsədi ilə pasiyentə klinikada hərtərəfli müayinədən keçmək tövsiyə olunur. Tədbirli olun və öz sağlamlığınızı qoruyun!

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda